ATİAHİ Şəki rayon komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual oyun - şahmat yarışı təşkil edib. Yarışın yüksək səviyyədə keçirilməsi məqsədilə Təşkilat komitəsi, Hakimlər kollegiyasının tərkibi və yarışın “Əsasnamə”si təsdiq edilib, rəsmi məktubla birlikdə təhsil müəssisələrinin rəhbərlərinə təqdim edilib.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək Ulu Öndərin xilaskarlıq missiyasından danışıb: “Vətəninə, millətinə, dövlətinə ən ali hisslərlə bağlı olan, ömrünü bu xalqın, ölkənin inkişafı, rifahı, tərəqqisi yolunda şam kimi əridən Heydər Əliyev bütün azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideri sayılır. Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər çox qısa zaman ərzində ölkəni hərtərəfli inkişaf məkanına çevirdi. İlk növbədə ölkədə vətəndaş müharibəsinin qarşısını alaraq, faktiki olaraq respublikanı parçalanma təhlükəsindən xilas etdi. Mükəmməl idarəçilik qabiliyyəti sayəsində ictimai-siyasi sabitliyi bərpa edən Ulu Öndər əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu”.
Şəki - Zaqatala Regiona Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki şəhər Təhsil sektorunun metodisti Abdurahman Məmmədov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Xalidə Əliyeva, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Saniyə Babayeva çıxışlar edərək iştirakçılara uğurlar arzulayıblar.
Ardınca yarışa start verilib və 51 nəfərdən ibarət şəhər və kənd məktəblərinin kişi və qadın müəllimləri mübarizəyə qatılıblar.
Yarışın nəticələrinə görə, 1-ci yeri kişilər arasında Kiş kənd 2 №-li tam orta məktəbin müəllimi Polad Eyvazov, 2-ci yeri Aşağı Şabalıd kənd ümumi orta məktəbin müəllimi Vaqif Nağıyev, 3-cü yeri isə şəhər 7 №-li tam orta məktəbin müəllimi Asif Nağıyev qazanıb. Qadınlar arasında isə I yeri şəhər 10 №-li tam orta məktəbin müəllimi Türkan Mehdiyeva, II yeri şəhər 17 №-li tam orta məktəbin müəllimi Mehriban Mustafayeva, III yeri şəhər 10 №-li tam orta məktəbin müəllimi Nərminə Hümmətova tutub. Qaliblərə və fərqlənən iştirakçılara ATİAHİ Şəki rayon komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.