ATİAHİ Şəki rayon komitəsi ilə Uşaq Gənclər İdman Şahmat Məktəbi təhsil müəssisələrində çalışan işçilər arasında şahmat yarışı keçiriblər. 8 Noyabr - Zəfər Günü münasibəti ilə təşkil olunan yarış Rasim Ocağov adına Uşaq Gənclər İnkişaf Mərkəzinin zalında baş tutub.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Uşaq Gənclər İdman Şahmat Məktəbinin müdiri Saniyə Babayeva və Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Xalidə Əliyeva Zəfər bayramı münasibəti ilə iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Yarışda kişilər arasında I yeri Kiş kənd tam orta məktəbin müəllimi Polad Eyvazov, II yeri şəhər 3 №-li tam orta məktəbin müəllimi Nicat Mütəllibov, III yeri Aşağı Şabalıd kənd ümumi orta məktəbin müəllimi Vaqif Nağıyev tutub. Qadınlar arasında isə I yeri şəhər 10 №-li tam orta məktəbin müəllimi Türkan Mehdiyeva, II yeri şəhər 17 №-li tam orta məktəbin müəllimi Mehriban Mustafayeva, III yeri isə şəhər 10 №-li tam orta məktəbin laborantı Tamella Nəsurullayeva qazanıb. Qaliblər ATİAHİ Şəki rayon komitəsinin fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılıb.