Şəki rayonunda 8 Noyabr - Zəfər Günü münasibəti ilə təhsil işçiləri arasında futzal yarışı keçirilib. Yarışda 14 komanda mübarizə aparıb. Şəki şəhər 8 №-li tam orta məktəbin futbol meydançasında təşkil edilən yarışın açılış mərasimində Dövlət Himnini səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva 44 günlük Vətən müharibəsinin xalqımıza böyük Zəfər və qürur hissi yaşatdığını qeyd edib, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən igid Vətən oğullarının - şəhidlərimizin xatirəsinin daim yaşayacağını vurğulayıb.
Maraqla izlənən və gərgin keçən yarışda şəhər 3 №-li tam orta məktəb I yeri, şəhər 8 №-li tam orta məktəb II yeri, Şorsu kənd tam orta məktəbi III yeri, şəhər 1 №-li tam orta məktəbi IV yeri tutub. Qaliblərə fəxri fərman, “Qarabağ Azərbaycandır” plageti və idman geyimləri verilib.
Yarışın sonunda çıxış edən Qarabağ müharibəsi veteranı, şəhər 8 №-li tam orta məktəbin müəllimi İlyaz Həsənov və Şəki Şəhər Təhsil Sektorunun metodisti Abdurahman Məmmədov belə tədbirlərin təşkili üçün təşəkkürlərini bildirib, tədbir iştirakçılarının bayramlarını təbrik ediblər.