ATİAHİ Şəki rayon komitəsi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birgə xidmətində olan təhsil müəssisələrində çalışan 77 nəfər Qarabağ, Çernobıl və Əfqanıstan müharibəsi veteranlarının iştirakı ilə tədbir keçirib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək bildirib ki, Silahlı Qüvvələr Gününü torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik: “Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. Silahlı Qüvvələr Günündə Ordumuzun keçdiyi inkişaf yolunu tam əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sıralarında yer alaraq 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazmış, işğala son qoyaraq “Böyük Qayıdış”a yol açmışdır”.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müavini Bəhruz Nəbili, sektor müdirləri - Araz Babayev və Alqış Həsrətov, Şəki rayonu üzrə Təhsil sektorunun metodisti Abdurahman Məmmədov, Şəki Dövlət Regional Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, Şəki Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin müəllimi Soltan İsrafilov isə çıxışlarında Vətən oğullarının qəhrəmanlığından, şanlı tarix yazan əsgər və zabitlərimizin misilsiz rəşadətindən söz açıb və Prezident-Xalq-Ordu birliyinin sayəsində tarixi Zəfərin əldə olunduğunu vurğulayıblar.
Qarabağ müharibəsi veteranı Köbər Zəyzid kənd tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan zabit Mehman Əbdurahmanov, Əfqanıstan müharibə veteranı, Vərəzət kənd tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Arif Camalov, Şəhər 6 №-li tam orta məktəbin müəllimi İmran Salamov da keçdikləri döyüş yollarından, Ordumuzun qüdrətindən, dövlətimizin Orduya göstərdiyi diqqətdən, veteranlara olan qayğıdan danışıblar.
Sonda müharibə iştirakçılarına bayram sovqatları verilib.