Şəkidə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
   ATİAHİ Şəki rayon komitəsi fəaliyyətində olan ümumtəhsil müəssisələrində çalışan Qarabağ müharibəsi veteranlarına, qazilərinə, şəhid ailələrinə, həmçinin Çernobıl və Əfqanıstan veteranlarına hər zaman diqqət və qayğı ilə yanaşır.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Şəki rayon komitəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə birgə həmin kateqoriyadan olan şəxslərin iştirakı ilə tədbir keçirib.
Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxışında qeyd edib ki, bu gün Silahlı Qüvvələr Gününü məhz uğurumuzun - torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik: “Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. Silahlı Qüvvələr Günündə 105 yaşlı Ordumuzun keçdiyi inkişaf yolunu tam əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alaraq 44 günlük İkinci  Qarabağ  müharibəsində tarix yazdı, işğala son qoymaqla “Böyük Qayıdışa” yol açdı”.
Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək Vətən oğullarının qəhrəmanlığından, şanlı tarix yazan əsgər və zabitlərimizin misilsiz rəşadətindən danışdı və Prezident-Xalq-Ordu birliyinin sayəsində tarixi Zəfərin əldə olunduğunu vurğuladı.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranları keçdikləri döyüş yolundan, Ordumuzun gündən-günə inkişaf etməsindən, o cümlədən dövlətimizin Orduya göstərdiyi diqqət və qayğıdan danışıblar.
Sonda iştirakçılara sovqat verilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo