Şəkidə regionun təhsil işçiləri arasında voleybol yarışı keçirilib

İyunun 24-də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Şəki Olimpia İdman Kompleksində ATİAHİ Şəki rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şəki, Qəbələ, Qax, Zaqatala, Balakən və Oguz rayonlarının ümumtəhsil müəssisələrində çalışan təhsil işçilərinin kişilərdən ibarət komandaları arasında idmanın voleybol növü üzrə yarış keçirilib. Yarışda 6 komanda mübarizə aparıb.
Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Giriş sözü ilə çıxış edən ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun şücayətindən, dünyaya səs salan qəhrəmanlıq nümunəsindən, xalqımızın nümayiş etdirdiyi sarsılmaz birliyindən danışıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəis müavini Günay Mahmudova, Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili və Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov çıxış edərək Ordumuzun yaranma günü münasibətilə bütün Azərbaycan xalqını və yarış iştirakçılarını təbrik edərək onlara müvəffəqiyyətlər diləyiblər.
Gərgin və maraqlı keçən yarışmada Şəki rayonunun müəllimlərdən ibarət komandası turnirin qalibi olub, Oğuz və Balakən rayonlarının komandaları isə II və III yerləri qazanıblar.
Şəki rayonunun voleybol komandasına kubok, medal, diplom və hədiyyələr təqdim edilib. II və III yerin sahiblərinə də diplom, medal və hədiyyələr verilib. Digər iştirakçılar da Təşəkkürnamə və Xarıbülbül tablosu ilə təltif  ediliblər. Sonda tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo