Sentyabrın 8-də Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunlar və Respublika Fənn olimpiadası, müsabiqəsi və digər yarışların respublika turunda qalib olmuş şagirdlərlə görüş keçirilib.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki rayonu üzrə Təhsil sektorunun müdiri Zamiq Cəbiyev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil sektorunun müdiri Zamiq Cəbiyev çıxışında rayon təhsilinin inkişafından, əldə olunmuş nailiyyətlərdən, məzunların göstəricilərindən danışıb.
Gəncləri təbrik edən icra hakimiyyətinin başçısı Elxan Usubov dövlətimizin təhsil siyasətindən, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, həmçinin şagirdlərin hərtərəfli təhsil alması üçün ölkəmizdə, o cümlədən Şəkidə yaradılmış şəraitdən danışb.
Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev region üzrə görülən işlərdən, qarşıda duran vəzifələrdən, həmçinin region üzrə abituriyentlərin göstəricilərindən söz açıb, qazanılmış uğurları qənaətbəxş hesab edib.
ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva isə çıxışında həmkarlar ittifaqının rayon təhsilinin inkişafında göstərdiyi dəstəkdən və həyata keçirdiyi layihələrdən bəhs edib, qabaqcıl gənclərə qazandığı uğurlara görə təbriklərini çatdırıb. Tədbirdə digər çıxışlar və bədii hissə ilə davam edib. Sonda gənclərə flaget və hədiyyələr təqdim olunub.