Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və zona üzrə həmkarlar ittifaqı komitələrinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəki, Qəbələ, Oğuz, Zaqatala, Qax və Balakən rayonlarının qabaqcıl təhsil işçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev müəllimləri bayram münasibətilə təbrik edib, rayon təhsilinin inkişafında onların xidmətlərindən bəhs edib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dövlətimizin təhsil siyasətindən danışaraq bu sahəyə göstərilən xüsusi qayğıdan, təhsil islahatlarından, onun effektli nəticələrindən, gənclərin elmi biliklərə artan marağıdan, müəllim peşəsinin və adının müqəddəsliyindən, ölkə təhsilinin inkişafında onların misilsiz xidmətlərindən danışıb.
Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüş Kimya-biologiya liseyinin biologiya müəllimi Şəlalə Əkbərli, Şəki rayon Baş Şabalıd kənd tam orta məktəbin ibtidai sinif müəllimi Məryəm Məmmədova, Qax rayonu üzrə təhsil sektorunun metodisti Vüsalə Vəzirova, Qəbələ şəhər 1 №-li tam orta məktəbin tarix müəllimi Esmira Əsədova, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin biologiya müəllimi Gülnar İbrahimova, Oğuz şəhər 2 №-li məktəb-liseyin direktoru Qəmzə Süleymanova, Balakən şəhər Humanitar və texniki təmayüllü liseyin tarix müəllimi Günel Məmmədova çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, dövlətimiz tərəfindən müəllimlərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci-Vitse Prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Tədbirdə region üzrə 155 nəfər qabaqcıl və fəal müəllimə Fəxri fərman və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, region üzrə 14 müəllim Prezident İlham Əliyev tərəfindən “Əməkdar Müəllim”, “Tərəqqi Medalı” və “Qabaqçıl təhsil işçisi” adına layiq görülüb. Tədbir məktəb şagirdlərinin hazırladıqları bədii hissə ilə davam edib.