Şəkidə müəllimlər arasında şahmat yarışı keçirilib

Aprelin 23-də ATİAHİ Şəki rayon komitəsi Uşaq Gənclər İnkişaf Mərkəzinin zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 99-cu ildönümünə ehtiram əlaməti olaraq ümumtəhsil müəssisələrinin müəllimləri arasında intellektual oyun - şahmat yarışı təşkil edib.
Yarışın yüksək səviyyədə keçirilməsi məqsədilə Təşkilat komitəsi, Hakimlər kollegiyasının tərkibi və yarışın “Əsasnamə”si təsdiq edilib, rəsmi məktubla birlikdə təhsil müəssisələrinin rəhbərlərinə təqdim edilib.
Tədbir Dövlət Himninin səslənməsi ilə başlanıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Qarabağ uğrunda şəhid olmuş igidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon komitəsinin sədri Ziyafət Xasiyeva giriş sözü ilə çıxış edərək qeyd edib ki, yarışın keçirilməsinin əsas məqsədi müstəqil Azərbaycan dövlətini yaradaraq bizə bəxş edən və 44 günlük Vətən müharibəsində torpaqlarımızı ermənilərdən azad edən Ali Baş Komandan cənab İlham Əliyev kimi şəxsiyyəti yetişdirən Ulu Öndər Heydər Əliyevə ehtiramız və hörmətimizi bildirməkdir.
Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Xalidə Əliyeva, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Saniyə Babayeva çıxışlarında Ümummilli Lider Heydər Əliyevin keçdiyi mənalı, şərəfli həyat yolundan, qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki heç bir ölçüyə sığmayan fəaliyyəti barədə geniş məlumat veriblər və iştirakçılara uğurlar arzulayıblar.
Yarış Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uygun keçirilib. Yarışda 34 nəfərdən ibarət şəhər və kənd məktəblərinin kişi və qadın müəllimləri iştirak ediblər.
Nəticələrə görə, xal hesabı ilə 1-ci yerləri Şəki rayonu Kiş kənd 2 №-li tam orta məktəbin  müəllimi Polad Eyvazov və şəhər 10 №-li tam orta məktəbin müəllimi Məlahət Əzizova, 2-ci yerləri şəhər 7 №-li tam orta məktəbin  müəllimi Murad Əmrahlı və şəhər 17 №-li tam orta məktəbin müəllimi Mehriban Mustafayeva, 3-cü yerləri Aşağı Şabalıd kənd tam orta məktəbin müəllimi Vaqif Nağıyev və şəhər 10 №-li tam orta məktəbin müəllimi Türkan Mehdiyeva,  4-cü yerləri isə şəhər 17 №-li tam orta məktəbin  təsərrüfat müdiri İlqar Mustafayev və şəhər tam orta məktəbin müəllimi Nərminə Hümmətova tutublar.
Tədbirin sonunda qaliblər və fərqlənən iştirakçılar ATİAHİ Şəki rayon komitəsi tərəfindən Fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo