Şəkidə dama yarışı təşkil olunub

ATİAHİ Şəki rayon komitəsi Təhsil sektoru ilə birgə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Uşaq Gənclər İnkişaf Mərkəzində təhsil işçiləri arasında dama yarışı təşkil edib. Yarışa 35 təhsil işçisi qatılıb.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.
ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət  Xasiyeva çıxış edərək dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib: “Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır”.
Tədbirdə həmçinin Təhsil sektorunun metodistləri - Məmmədov  Abdurahman, Qədirov Məmməd,  Uşaq Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimləri - Babayev Tural, Süleymanova Gülnarə və Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor əvəzi Həmidov Mehman çıxışlar edərək iştirakçıları təbrik ediblər.
Sonra yarışa start verilib. Maraqlı keçən qarşılaşmalarda kişilər arasında I yeri Qoxmuq kənd tam orta məktəbin müəllimi İsmayılov Ələkbər, II yeri şəhər 20 №-li tam orta məktəbin müəllimi Şahvələdov Hikmət, III yeri şəhər 8 №-li tam orta məktəbin müəllimi İslamov Məmməd, IV yeri  isə 20 №-li tam orta məktəb müəllimi Məmmədov Tərlan qazanıb. Qadınlar arasında isə şəhər 17 №-li tam orta məktəbin müəllimi Əhmədova Sədaqət I yerə, Kimya-biologiya təmayüllü liseyin müəllimi Talıbova Nurlana II yerə, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Hacıağayeva Maisə III yerə, 17 №-li tam orta məktəbin müəllimi Mustafayeva Mehriban IV yerə layiq görülüb. Qaliblərə Şəki rayon komitəsi tərəfindən hədiyyələr verilib, fəxri fərmanla təltif olunublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo