Zəfər Günü münasibəti ilə ATİAHİ Şəki rayon komitəsinin “Tədbirlər planı”na uyğun olaraq, bir sıra tədbirlər keçirilib. Belə ki, Şəki və Zaqataladan olan Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları, Əfqanıstan veteranları, həmçinin Çernobıl əlilləri ilə görüş təşkil olunub. Görüş Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva Zəfər bayramı münasibətilə iştirakçıları təbrik edib, təşkil olunan görüşün əhəmiyyətindən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, veteranlara olan xüsusi diqqətdən danışıb. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Vətən oğullarının qəhrəmanlığından, şanlı tarix yazan əsgər və zabitlərimizin misilsiz rəşadətindən söz açıb və Dövlət-Xalq-Ordu birliyinin sayəsində tarixi Zəfərin əldə olunduğunu vurğulayıb. Şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Vətən müharibəsi iştirakçılarının keçdiyi Zəfər yollarının onlar üçün nümunə olduğunu qeyd edib.
Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan, ölkəmizdə onlara olan ali münasibətdən danışıb, göstərilən diqqət və qayğıdan daim razı qaldıqlarını bildirib, tədbirin təşkilatçılarına öz təşəkkürlərini ifadə ediblər. Görüş süfrə arxasında davam edib.