Şəkidə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş təşkil edilib

 
Sentyabrın 12-də Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ATİAHİ Şəki rayon komitəsinin birgə təşkilatçılığı bu il yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş  məzunlarla görüş keçirilib.
Görüşdən öncə Heydər Əliyevin abidəsi ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Elm və Təhsil Nazirliyinin təhsilin idarə edilməsi üzrə şöbə müdiri Elnur Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva çıxış edərək yüksək bal toplayan gəncləri təbrik ediblər. Bildirilib ki, Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
Rayon üzrə ən yüksək - 685 bal toplamış Baş Şabalıd kənd tam orta məktəbin məzunu Ümman Məmmədov, Şəki şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın məzunu Nərgiz İsmayılova, Kimya-biologiya təmayüllü liseyin biologiya müəllimi Şəlalə Əkbərli çıxış edərək tədbirin təşkili üçün təşəkkürlərini   bildiriblər və tələbə adını qazanmış məzunları təbrik ediblər.
Sonda yüksək bal toplamış məzunlara Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ATİAHİ Şəki rayon komitəsinin   hədiyyələri, “Təbriknamə” təqdim edilib və onlarla xatirə şəkili çəkdirilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo