Şəkidə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib


8 Noyabr - Zəfər Günü münasibətilə ATİAHİ Şəki rayon komitəsi Səki-Zaqatala  Regional Təhsil İdarəsi ilə birlikdə bayram tədbiri keçirib. Rayonun təhsil müəssisələrində çalışan 99 nəfər Qarabağ müharibəsi veteranı, qaziləri, şəhid ailələri, Çernobıl və Əfqanıstan müharibəsi veteranlarının iştirakı ilə baş tutan tədbirdə öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik  sükutla  yad edilib.

Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva tədbirdə 44 günlük Vətən müharibəsində və anti-terror əməliyyatında Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharətindən, Ordumuzun qəhrəmanlıqlarından, döyüş taktikasından, yüksək döyüş ruhundan, xalqımızın möhkəm birliyindən danışıb. Qeyd edib ki, Qələbəni bizə bəxş edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların ailələri dövlətimiz tərəfindən hər zaman himayə olunacaq.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı, Qarabağ müharibəsi veteranı Anar Məmmədov, ATİAHİ Qax rayon komitəsinin sədri Təranə Həşimova çıxışlarında bayram münasibətilə iştirakçıları təbrik edib, Vətən yolunda onların xidmətlərini yüksək qiymətləndiriblər.

Sonra şəhid anaları - Kiş kənd 1 №-li tam orta məktəbin müəllimi Dursun Cavadova, Şəki Dövlət Regional Kollecinin müəllimi Rəmziyyə Nadirova, Aşağı Küngüt kənd tam orta məktəbin texniki işçisi Gülnarə Mustafayeva və şəhidin  həyat yoldaşı şəhər 5 №-li tam orta məktəbin müəllimi Nərmin İzzətli dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışıb, cəmiyyətdə onlara olan ali münasibətdən minnətdarlıq ifadə ediblər.

Sonda iştirakçılara fəxri fərman və bayram hədiyyələri verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo