5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Şəki rayonunda təntənəli şəkildə qeyd olunub. Tədbir AHİK-in üzv təşkilatı ATİAHİ RK Şəki rayon komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Şəki rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəki şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub. Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Təhsil sektorunun metodisti Gülxar Salamova giriş sözü ilə çıxış edərək müəllimləri təbrik edib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ATİAHİ RK Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva və Təhsil sektorunun müdiri Zamiq Çəbiyev dövlətimizin təhsilə göstərdiyi diqqətdən, müəllimlərə olan qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verilən fərman və sərancamlardan danışıb, müəllimlərimizin uğurlu pedaqoji fəaliyyətindən bəhs ediblər.
Sonra fəal və qabaqçıl müəllimlərə fəxri fərman, hədiyyə və gül buketləri təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, ATİAHİ RK tərəfindən Şəki rayonun təhsil sahəsində uzun müddət səmərəli fəaliyyət göstərən 100 müəllim mükafatlandırılıb. Bundan başqa, Müəllimlər Günü münasibəti ilə Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva Şəki Dövlət Regional Kollecin müəllimi, şəhid anası Rəmziyyə Nadirovanı, şəhər 11 №-li tam orta məktəbin fəal müəllimi Sədaqət Vahabovanı dərs saatında tələbə və şagirdlər qarşısında təbrik edib.
Həmçinin Şəki rayon komitəsi Müəllimlər Günü ilə əlaqədar 320 qabaqçıl və fəal ittifaq üzvünə hədiyyələr verib.