ATİAHİ Şəki rayon komitəsi və Təhsil sektoru 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirib.
Öncə Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsləhətçisi Elxan Abdullayev, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, Təhsil sektorunun müdiri Zamiq Cəbiyev və Şəhid Anaları İctimai Birliyinin sədri Gülnarə İsgəndərova çıxışlar edərək ölkəmizdə təhsilin inkişafında, gənclərin yetişməsində, təlim-tərbiyəsində, elmi biliklərə yiyələnməsində, cəmiyyətimizin formalaşmasında müəllimlərin fədakar əməyindən danışıblar. Bildirilib ki, Azərbaycan müəllimi öz peşəsini dərindən sevərək missiyasını şərəflə yerinə yetirir, müəllim adının ləyaqətlə daşıyırlar. Vurğulanıb ki, ölkəmizin əldə etdiyi bütün uğurların arxasında müəllimlərimizin gərgin zəhməti durur.
Tədbirdə çıxış edən müəllimlər həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən onlara göstərilən ali münasibətdən və yüksək diqqətdən razılıqlarını bildiriblər.
İştirakçılar həmçinin şagirdlər tərəfindən hazırlanan konsert proqramına tamaşa edib, şeirlər dinləyiblər.
Sonda tədbirdə iştirak edən müəllimlərə hədiyyələr və fəxri fərman verilib.