Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

 
Sentyabrın 13-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin konfransı keçirilib. Konfransda Elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, rayon həmkarlar ittifaqı komitələrinin sədrləri, həmin ərazilərdə çalışan məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Sentyabr konfransının əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlər, 2022–2026-cı illər üzrə təhsil strategiyasının müvafiq istiqamətlər üzrə uğurla icra edilməsi, eyni zamanda təhsildə innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi barədə məlumat verib. İdris İsayev növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev hesabatla çıxış edib. Hesabatda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər, region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadalarının ümumi təhsil müəssisələri üzrə reytinq sıralaması və digər məsələlər yer alıb.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Tədbir çıxışlarla davam etdirilib.
Sonra 2022-2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib. Müəllimlərin XVI Qurultayına nümayəndələr seçilib.
Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo