Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində böyük Qələbə ilə başa çatıb. Bu müqəddəs yolda şəhadətə qovuşan şəhidlərimizin Vətən sevgisi xalqımıza ölçüyəgəlməz qürur və fəxr hissi yaşatmaqdadır.
Şəhid olan igid oğullarımızın övladlarını öz balalarımız kimi sinəmizə çəkmək, onların qayğısına qalmaq hər bir azərbaycanlının şərəf borcudur. Çünki bu balalar bizə şəhidlərimizin əmanətidir.
Sentyabrın 13-də yeni dərs ilinin başlanması ilə əlaqədar Şəki rayonu üzrə ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladları ilə çay süfrəsi arxasında görüş keçirilib. Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki rayon Təhsil sektorunun müdiri Zamiq Cəbiyev şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını və Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını ehtiramla xatırlayacağını vurğulayıblar. Onlar həmçinin şəhid övladlarını yeni dərs ili münasibəti ilə təbrik edib, dərslərində uğurlar diləyiblər. Eləcə də şəhid balaları ataları ilə fəxr etdiklərini, hər zaman dövlətimizin onlara qayğı göstərdiklərini bildiriblər.
Sonra şəhidlərimizin yadigarlarına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Republika Komitəsini tərəfindən hədiyyə edilmiş məktəbli geyimi və dərs ləvazimatları verilib.
Məktəblilər hər zaman onlara göstərilən diqqətə görə, dövlətimizin başçısı cənab İlham Əliyevə, həmçinin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Republika Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.