Qabaqçıl təcrübə -Gənclərə nümunədir
Həmkarlar təşkilatı təhsil işçilərinin müdafiəçisi və dostudur. Təşkilatımız maarifləndirmə dövrünün ən fəal təşkilatı kimi tanınır və fəaliyyət göstərir. 
ATİAHİ Şəki rayon komitəsi təhsil işçilərinin əmək və sosial hüquqlarının qorunması üçün çalışır. Təhsil işçilərinə maddi və mənəvi dəstək göstərilməsi, kollektiv müqavilənin şərtlərinə əməl edilməsi, ortaya çıxan cari problemlərin həllində Rayon komitəsinin dəstəyi ilə məktəb həmkarlar təşkilatı müəssisəmizin hər bir təhsil işçisinin müdafiəçisi olaraq  onlara dost kimi yardım edir, köməklik göstərir. Komitə təşkilatın missiyasına uyğun olaraq iş günü, maddi təminat, əmək hüququ, təhsil səviyyəsinin yüksəldilməsi məsələlərini həmişə gündəlikdə saxlayaraq təşkilat üzvlərinə diqqət göstərir, onlarla əməkdaşlıq edir.  
Əlamətdar günlərdə - Müəllimlər günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlərin təşkilində, müsabiqə, idman yarışlarında, ali məktəbə yüksək balla qəbul olan, olimpiadada uğur qazanan şagirdlər və onların müəllimlərinin dəyərləndirilməsində Rayon komitəsi kollektivimizə daim dəstək göstərmişdir. 
Bu cür dəstək həmkarlarımızın mənəvi rifahının yüksəlməsinə səbəb olmuşdur. Gənclər günü münasibətilə gənc təhsilverənlər, xüsusən fəaliyyətində fərqlənən gənclər mükafatlandırılır. Bu cür qayğı kadrların yüksək hazırlıq səviyyəsinə yönəlmiş addımdır.
Rayon komitəsi olaraq, o cümlədən 65 yaşı tamam olmuş təhsil işçiləri daim diqqət mərkəzində saxlanılır, təşkilat tərəfindən fəxri fərman, gül dəstəsi və müxtəlif hədiyyələrlə mükafatlandırılır. Bu cür təltif olunanlardan biri də Şəki şəhər R. Əfəndiyev adına 10 №li tam orta məktəbin rəsmxət müəllimi İbrahimova Sevil Fərrux qızıdır. Sevil müəllim pedaqoji fəaliyyətə 10 №li tam orta məktəbdə başlamış 46 ildir ki, eyni müəssisədə gənc nəslin təlim tərbiyəsində, onların savadlanmasında, şəxsiyyət kimi yetişməsində aktiv fəaliyyət göstərmişdir. S.İbrahimova dəyərli məsləhətləri, nümunəvi davranışı ilə əsl pedaqoq kimi tanınıb. O həmçinin məktəb həmkarlar təşkilatında heyət üzvüdür. “Aktual problemlər” jurnalında elmi məqaləsi çap olunan Sevil müəllim təhsil sahəsində göstərdiyi uğurlu fəaliyyətə görə 2018-ci il 4 oktyabr tarixində “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib. Sevil İbrahimova 65 illik yubileyi münasibətilə Rayon komitəsi tərəfindən fəxri fərmanla, hədiyyələrlə mükafatlandırılıb. 
Təhsil sahəsində əməyi olan belə dəyərli müəllimlər gənc pedaqoqlara, təhsil işçilərinə nümunədir. Həmkarlar təşkilatının təcrübəli müəllimlərə göstərdiyi xüsusi diqqət və qayğı eyni zamanda gənc kadrların yetişməsində stimulverici dəstəkdir. 
Təşkilatımızın üzvlərinə göstərdiyi diqqət və qayğıya görə  AHİK-in sədri, Millət vəkili cənab Səttar Möhbalıyevə  təşəkkürlərimizi bildiririk. 
 
 
Şəki şəhər R. Əfəndiyeva adına 10 №li tam orta məktəbin həmkarlar təşkilatının sədri Arzu Məmmədova

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo